Lənkəranda Brama cinsli toyuqlar yetişdirilir - REPORTAJ

Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov xeyli müddətdir ki, şəxsi təsərrüfatında Brama cinsli toyuqlar yetişdirməklə məşğuldur.

 

Sərraf kişi APA TV-nin cənub bürosuna bildirib ki, bu növ quşları bəsləməzdən əvvəl internet vasitəsilə vətəni Hindistan sayılan Brama toyuqlarının xüsusiyyətləri barədə çoxlu ədəbiyyatla tanış olub: "Bu cins toyuqları Rusiyanın Rostov şəhərindən gətirmişəm. İnternetdə bu quşlar barədə oxuduğum məlumatlardan sonra qərara gəldim ki, Brama cinsli toyuqların bəsləməsi ilə məşğul olum. Bu quşlar həm çoxlu ət verir, həm də xəstəliyə davamlı olurlar. Rostovdan aldığım bala quşların biri mənə 30 manata tamam oldu".

 

Təsərrüfat sahibi Rostovdan gətirdiyi 5-6 baş cins quşu artıraraq 450-500 başa çatdırmağa müvəffəq olub. Sərraf Səmədovun sözlərinə görə, quşları bazara çıxarmır. Alıcılar özləri onun evinə gəlib həvəslə toyuq və hətta onların yumurtalarını alıb aparırlar: "Bir neçə gün öncə 20 ədəd toyuq yumurtasını 60 manata satdım. Halbuki yerli toyuğun gərək 100 ədəd yumurtasını satam ki, 60 manat qazanam".

 

Sərraf Səmədovun sözlərinə görə, quşlara vaxtaşırı qüvvətli, kalorili yemlər verilir, vitaminlərlə qidalandırılır. Peyvənd tədbirlərini də təsərrüfat sahibi özü yerinə yetirir. Deyir ki, kənddə hətta baytar həkiminin də toyuq-cücələri xəstəliyə tab gətirə bilməyərək qırılıb. O isə vaxtaşırı profilaktik tədbirlər sayəsində toyuqlarının təhlükəsizliyini təmin etməyi bacarıb: "Məndə hər cür tibbi preparatlar, dava-dərmanlar  və ləvazimatlar var. Ona görə də hələ indiyə kimi mənim toyuqlarımda tələfolma faktı baş verməyib. Onlara vaxtlı-vaxtında baxıram. Səhər tezdən özüm təsərrüfatıma baş çəkib, vəziyyəti təhlil edir, lazım olan təqdirdə müvafiq tədbirlər görürəm".

 

Təsərrüfatçı deyir ki, Brama cinsli toyuğun birinin çəkisi 5, hətta 7 kiloqram da olur. Hazırda onun bəslədiyi toyuqların içərisində çəkisi 5 kiloqramadək olan quşlar çoxdur.

 

Ekzotik görünüşə malik olan Brama toyuqlarına marağın getdikcə artdığını deyən təsərrüfat sahibi onların bir cütünü 80-100 manata satdığını deyir. Alıcıların arasında isə hətta paytaxt Bakıdan olanlar da az deyil.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR