Jurnalistlərə fəxri adlar təqdim olundu

Prezident İlham Əliyevin 7 noyabr tarixli sərəncamları ilə televiziya və radio sahəsində xidmətlərinə görə təltif edilən bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar təqdim edilməsi mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda milli televiziyanın 1956-cı ildə yarandığını xatırladıb.

 

Onun sözlərinə görə, televiziya, radio, KİV keçmişlə gələcək nəsillər arasında körpü yaradır, inkişaf üçün yeni addımlar atmağa stimullaşdırır: "Hazırda Azərbaycan mediası, Azərbaycanda televiziya və radio fəaliyyəti ilə məşğul olan insanlar, qurumlar regionun, Avrasiya bölgəsinin, post-sovet məkanının ən qabaqcıl nümunələrini yaradıblar. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziyaların hər biri dünyanın müxtəlif bölgələrində illərdir fəaliyyət göstərən ən qabaqcıl televiziya nümunələri ilə rəqabət aparmaq qabiliyyətindədir".

 
Daha sonra bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib. 

 

Adil Bağırov, "Şöhrət" ordeninə layiq görülən: "Uzun müddətdir ki, Azərbaycan Televiziyasında işləyirəm. Birinci fəxri ad almağım Ulu Öndər tərəfindən olub. O vaxtlar tək-tək adamlara fəxri adlar verirdilər. Düzü, mən gözləmirdim, inanmırdım. Çünki bu "Şöhrət" ordeni çox yüksək ordendir. Mən uzun müddətdir  işləyirəm".

 

Dilarə Səlim, Əməkdar artist: "Əlbəttə ki, insanın öz sevdiyi peşəsi ilə məşğul olması sevindirici haldır. Amma bu sevdiyi peşə və sevdiyi iş qiymətləndiriləndə, xüsusilə də dövlət və ölkə başçısı tərəfindən qiymətləndiriləndə qürurverici və şərəflidir".

 

Şərqiyyə Hüseynova, Prezident təqaüdçüsü: "Təbii ki, hər bir insan işində çalışır ki, vətəninə, dövlətinə xeyir gətirsin. Bizim  də işimiz mikrofon, kameradır. Televiziyanı həqiqətən də çox sevirəm. Həyatımdan çox sevirəm. Əməyimin bu cür qiymətləndirilməsi böyük əhəmiyyətə malikdir".

 

Qeyd edək ki, təltif olunanlar arasında “APA Holding”ə daxil olan APA TV-nin Xəbərlər şöbəsinin müdir müavini Nəsimi Nəbizadə də var. Dövlət başçısının sərəncamı ilə N.Nəbizadəyə “Əməkdar jurnalist” fəxri adı verilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR