Bakıda əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksi istifadəyə verilib

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin inşası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında aparılıb.

 

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.

 

Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb.

 

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqda yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 2011 kvadratmetr olan üçmərtəbəli binada həkim otağı, tibbi müayinə, qəbul-qeydiyyat şöbəsi, yeməkxana və mətbəx, camaşırxana, təmiz inventar otaqları yaradılıb. Sığınacaqda, həmçinin stolüstü oyunlar, kompüter, müvəqqəti müalicə boksu və müalicə otaqları, digər inzibati otaqlar var. Əlli yerlik on yataq otağında isə hər cür şərait mövcuddur.

 

Dövlət başçısı və xanımı yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzində yaradılan şəraitlə tanış oldular. Mərkəz reabilitasiya korpusu və idman zalından ibarətdir. Üçmərtəbəli reabilitasiya korpusunda həkim, tibbi müayinə, qəbul-qeydiyyat otaqları, yeməkxana və mətbəx, valideynlərlə görüş və xidməti heyət üçün otaqlar var. Binada kompüter zalı, müəllimlər otağı və beş sinif otağı yaradılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR