Bakıdakı Uşaq Bərpa Mərkəzi yeni görkəm alıb

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirilib ki, 2003-cü ildən fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin binasında indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatdırılıb.

 

Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə 3 şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir.

 

Bu mərkəz yarandığı vaxtdan respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsini yüksək peşəkarlıqla həyata keçirir. İndiyə qədər bu müəssisədə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa reabilitasiya xidməti göstərilib. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR