Bakıda yaşayış binalarının həyətində partlayış baş verdi
Bakının Nərimanov rayonu ərazisində partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə “Metropark” ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.
Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Lakin "Rahatlığın məkanı" tikinti şirkətinin nümayəndələri ofis kimi istifadə etdikləri vaqonu tərk edərək, ərazidən uzaqlaşıblar. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları ilə telefon söhbəti zamanı şirkətin nümayəndəsi bildirib ki, mazut çəni onlar tərəfindən yandırılmayıb, yaxınlıqdakı binanın sakinləri çənin altında qəsdən ocaq qalayıblar.
Qeyd edək ki, söküntü işlərinin aparıldığı Faiq Yusifov küçəsindəki beşmərtəbəli binaların sakinləri ilə söküntü işlərini aparan şirkət arasında məhkəmə çəkişməsi var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı