Prezident İlham Əliyev ilk “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib
Dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.
APA TV-nin xəbərinə görə, Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında prezident İlham Əliyevin bu ilin mayında imzaladığı fərmanla bu mərkəzlərin yaradılması Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN Kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək.
Mərkəzdə dövlət başçısının “ASAN Xidmət” binalarının açılışı, həmçinin “Azərişıq”, “Azərsu”, “Azəriqaz” qurumlarının müxtəlif tədbirləri zamanı çəkilən fotolarından ibarət stend də var. Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə 3 qurum - “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək. Burada eyni zamanda bank və sığorta xidmətləri də təşkil edilib. Mərkəzdə 85 əməkdaş və 20 könüllü xidmət edəcək. Müasir İKT avadanlığı ilə təchiz olunan binada istirahət və stress əleyhinə otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə növbə sisteminin tənzimlənməsi üçün xüsusi monitorlar, daim internetə açıq özünəxidmət kompüterləri, rüsumlar, xidmətlər haqqında məlumatları və ərizə nümunələrinin doldurulmasını əks etdirən “elektron məlumat köşkü”, “ASAN Ödəniş” terminalları, “108 Çağrı mərkəzi”nə zəng köşkü quraşdırılıb. Akademik Həsən Əliyev küçəsində yaradılan Mərkəzdə 40 avtomobil üçün yeraltı dayanacaq var.
Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verilib. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq. Bu, mobil əməliyyat sisteminin Azərbaycan dilində yazılmış dövlət ödənişləri sektorunun ilk mobil tətbiqidir.
Qeyd edək ki, “ASAN Viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək. Bu xidmət Azərbaycana gələn turistlərin sayının artmasında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyevə “ASAN Radio”nun 1 illik fəaliyyəti ilə və “ASAN könüllüləri” təşkilatının fəaliyyəti ilə də bağlı məlumat verilib.
Prezident İlham Əliyevə hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN Kommunal” mərkəzləri barədə də məlumat verilib. Bildirilib ki, 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
Sonra dövlət başçısı mərkəzin kollektivi ilə görüşərək çıxış edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı