Səfir: "Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil"
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq hansısa üçüncü ölkəyə qarşı yox, iki ölkənin hərbi potensialının inkişafına yönəlib.
APA TV-nin məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsinə biganə qalmadığını deyən səfir əlavə edib ki, bu ilin aprel ayında qoşunların təmas xəttində gedən döyüşlərə Belarus prezidenti Aleksandr Lukaşenko öz münasibətini bildirib.
Diplomat dünyada baş verən iqtisadi proseslərin Azərbaycanla Belarus arasındakı ticarət əlaqələrinə də təsir etdiyini deyib. Bu ilin ilk 10 ayı ərzində 2 ölkə arasındakı ticarət dövriyyəsi təxminən 104 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 50%-dən çox azalmadır.
G.Axramoviç Gəncə Avtomobil Zavodunun 2007-ci ildən bəri 8 min traktor və 3,5 min MAZ avtoqoşqusu istehsal etdiyini, artıq zavodun öz məhsullarını Gürcüstana da tədarük etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Belarus Gəncə Avtomobil Zavodunda istehsal olunmuş avtomobil və kənd təsərrüfatı texnikasının digər ölkələrə ixracının artırılması üzərində çalışır.
Belarusun avtobus istehsalını artırdığını deyən diplomat vurğulayıb ki, tezliklə Belarus avtobuslarını Azərbaycan şəhərlərində görmək olacaq.
Səfir Belarusun Azərbaycandan neft almasına da münasibət bildirib və əlavə edib ki, burada siyasi çalarlar axtarmaq lazım deyil: "Bizim iki neft emalı zavodumuz var. Onlar postsovet məkanında ən müasir müəssisələrdir. Hazırda bu zavodlar Avro-6 standartına uyğun yanacaq istehsal etməyə hazırlaşır. Burda söhbət Azərbaycandan gələn neftin bu müəssisələrdə emal edilməsindən və yüksək keyfiyyətli benzini Azərbaycan istehsalçısına göndərməkdən gedir. Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür. Hazırda müvafiq xammalı sizdən alırıq”.
Səfir sənaye və iqtisadiyyatla yanaşı, tibb, yüksək texnologiyalar, telekommunikasiya və turizm sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı