Apteksiz, bazarsız, YDM-siz Xızı - REPORTAJ
16 min nəfər əhalisi olan Xızı rayonunda yanacaqdoldurma məntəqəsi, aptek və bazar fəaliyyət göstərmir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, rayon sakinləri yanacağı rayon mərkəzindən 30 km aralıdan alırlar.
Əgər kiminsə benzini bitsə, bunun üçün benzin satışı ilə məşğul olan xüsusi şəxslərə müraciət etməlidir. Bu isə onlara benzinin real qiymətindən 0.20-0.30 qəpik baha başa gəlir.
Əhəd Haqverdiyev, sürücü: "Yanacaqdoldurma məntəqəsinin olmamasından əziyyət çəkirik. Qışla əlaqədar yollar buz olur. Benzin lazım olanda 30 km aralıda Giləzi qəsəbəsi var, gedib ordan alırıq. Evlərdə satırlar, onu da həmişə tapa bilmirik".
Ehtiyac duyulan dərmanları almaq üçün isə Xızı sakinləri daha çox məsafə qət etməlidir. Bunun üçün onlar ya Sumqayıta, ya da Bakıya getmək məcburiyyətində qalırlar.
Əzim Məmmədov, rayon sakini: "Başımız ağrıyanda bir dərman tapa bilmirik. Evlərə qaçmağa məcbur oluruq. Aptek yox, dərman üçün kimin üstünə gedəcəyimizi bilmirik. Məcburuq harasa sifariş edək, o da bir-iki gün çəkir. O da bizi qane etmir. Sumqayıtdan, Bakıdan gətizdiririk. Aptek olsa, başımıza çarə tapa bilərik".
Əsməgül Rəsulova, rayon sakini: "Biz Sumqayıtdan gedib alırıq. Gedib avtobusla alıb gəlirik. Aptek olsa, lap yaxşı olar. İki avtobus dəyişmək lazım olur. Qışdır, gedib-gəlmək çətin olur".
Rayonda aptek yalnız Xızı Mərkəzi Rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərir. Tibb müəssisəsində 380 adda dərman olsa da, onlar satılmır. Xızı MRX-nın baş həkiminin müavini Şahin Məmmədov deyir ki, bu dərmanlar təcili yardıma müraciət edən və xəstəxanada yatanlara bəs edir: "Bir də dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan dərmanlar da bizim aptekdən verilir. Bu dərmanlar Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzindən bizə gətirilir. Aptekin olmamasına biz qarışa bilmirik. Çünki bütün apteklər özəlləşib".
O ki qaldı rayonda bazarın olmamasına, Xızı rayon İcra Hakimiyyətindən bildirildi ki, bununla bağlı işlər görülür. Yaxın zamanda bazarın tikintisi üçün işlərə başlanacaq. Yanacaqdoldurma məntəqəsi və aptekin fəaliyyətinə gəlincə, icra hakimiyyətindən bu işdə sahibkarların maraqlı olmalı olduğunu dedilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı