Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olundu
Dünən dünyasını dəyiş xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov bildirib ki, Ağaxan Abdullayevlə həm tələbə yoldaşı olub, həm də uzun illər onun rəhbərlik etdiyi təhsil müəssisəsində dərs deyib: “Biz musiqi texnikumunda onunla tələbə yoldaşı olmuşuq. Üstəlik, 1977-ci ildən bu günə qədər Ağaxan Abdullayev orada müəllim kimi fəaliyyət göstərib. Görkəmli tələbələr yetişdirib. Ağaxan müəllim həm böyük sənətkar idi, həm də gözəl insan idi. Yaxın dost idik. Allah ona rəhmət eləsin. Böyük itkidir”.
Xalq artisti ilə vida mərasiminə onun tələbələri də gəlmişdi. Əməkdar artist Sevda Ələkbərzadə Ağaxan Abdullayevin daim onun yanında olduğunu, sənətdə dəstək verdiyini deyib: “Ağaxan müəllim xalqımızın görkəmli nümayəndəsidir. Musiqi, sənət aləmində böyük itki baş verib. Çox böyük sənətkar idi. Həm də çox gözəl insan idi. Ağaxan müəllim mənə Milli Konservatoriyada dərs deyib. Ümumiyyətlə, mənə hər zaman dəstək olub. Nə zaman müraciət etsəm, kömək edib. Belə sənətkarların bizə dəstək olması çox vacibdir. Hər sənətkar bunu etməz. Hər zaman hər kəsə dəstək olmağa hazır idi. Allah rəhmət eləsin!”
Sənətkar son mənzilə öz ifası ilə yola salındı. Cənazəni ailə üzvləri, yaxın dostları, onu sevənləri müşayiət etdi.
Vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb. Oğlu Xoşbəxt Abdullayev bildirib ki, atasının son arzusu məhz valideynlərinin yanında dəfn olunmaq idi.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı