Salyanda ceyran ovlayan 5 nəfərlik dəstə ələ keçdi

Şirvan Milli Parkında ceyranları oğurlayan və ovlayan 5 dəstə üzvü saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şirvan Milli Parkı ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli Park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.

 

Elşən Məcidov, Şirvan Milli Parkın direktor əvəzi: "Tam dəqiq məlumat əldə etdikdən sonra bizə məlum oldu ki, Şirvan Milli Parkı ərazisində qanunsuz olaraq 1 baş diri ceyran parkın mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun həyətyanı sahəsinə aparılıb və onun mal-qara tövləsində saxlanılır. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına bu barədə məlumat verildi".

 

Verilmiş məlumat əsasında dekabrın 24-də polis şöbəsinin əməkdaşları Şirvan Milli Parkının işçiləri  ilə birlikdə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat uğurla nəticələnib. Şirvan Milli Parkının əməkdaşları 1 baş ceyranı şərti alıcıya satarkən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Şirvan Milli parkında yeger vəzifəsində işləyən rayonun Şəkərli kənd sakini Nəcəfov Səyyar Vəlixan oğlunun yaşadığı evin həyətindən 5 ədəd aşılanmış ceyran dərisi və 1 ədəd diri halda ceyran aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Səyyar Nəcəfov bildirib ki, onda aşkar olunmuş ceyran dərilərini, diri halda olan ceyranı Milli Parkın digər işçiləri Ağasıyev İntiqam İsmayıl oğlu və Rzayev İslam İrza oğlu ilə birlikdə qanunsuz olaraq ovlayıblar.

 

Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində parkın gözətçiləri İntiqam Ağasıyev və İslam Rzayev də şübhəli şəxs qismində saxlanılıb. İntiqam Ağasıyevin həyətyanı sahəsinə baxış keçirilən zaman tövlədə müxtəlif vaxtlarda ovlanmış və aşılanmış 5 ədəd ceyran dərisi, 5 ədəd ceyran buynuzu, İslam Rzayevin evindən isə qanunsuz olaraq əldə edib özündə saxladığı cinayət aləti olan 1 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi  aşkar edilib. Bütün bunlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib. Oğrular törətdikləri cinayəti etiraf ediblər.

 

Həmin gün akt tərtib olunaraq ceyran balası Şirvan Milli parkına buraxılıb. Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib.

 

Salyan polisinin bu gün keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin daha iki üzvü saxlanılıb. Bunlar rayonun Həsənli kənd sakinləri Seyfəli Süleymanov və onun oğlu Şaiq Süleymanovdur. Həyətyanı sahədəki tövləyə baxış keçirilən zaman 2 baş diri ceyran, 3 ədəd ov tüfəngi, patronla dolu qatar aşkarlanıb. Saiq Süleymanov ceyranları Şirvan Milli Parkının yeger mühafizəçisi Səyyar Nəcəfovun saxlamaq üçün ona verdiyini deyib.

 

Polis əməkdaşları tərəfindən aşkarlanmış ov silahları və diri ceyranlar maddi sübut kimi götürülərək şöbəyə aparılıb. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR