Gəncədə qəzalı evləri sökülən 55 ailə üçün yeni bina istifadəyə verildi

Gəncədə qəzalı evləri sökülən 55 ailəyə tam təmirli və daha geniş mənzillər verilib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Nazirlər Kabinetinin qərarı ilə Gəncə şəhərində Cavad xan küçəsi-34, Atatürk prospekti 264 və 266 ünvanlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlər söküldükdən sonra əvəzinə müasir üslubda tikilmiş 55 mənzilli binanın açılış mərasimi keçirilib.

 

Mərasimini açıq elan edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sakinləri salamlayaraq, Nizami yurdunda baş verən yeniliklərdən danışıb. İcra başçısı yaşayış üçün yararsız mənzillərdə yaşayan sakinlərin istəklərinin nəticəsiz qalmadığını bildirib. Mənzillərin bölüşdürülməsinin tam şəffaf şəkildə aparıldığını deyən şəhər rəhbəri binanın yüksək keyfiyyətlə tikildiyini və yeni mənzillərin sahələrinin əvvəlkilərdən böyük olduğunu xüsusi vurğulayıb. Elmar Vəliyev prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısından danışaraq, 2017-ci ildən şəhərdə tikiləcək yaşayış binaları, zavod, orta və məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verib. Bina sakinləri onlara yaradılan bu şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

 

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə birgə binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Elmar Vəliyev sakinlərə mənzillərin açarlarını təqdim edərək, yaşayış üçün hər cür şərait yaradılmış mənzillərlə yaxından tanış olub.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR