Ağcabədinin susuz qalan kəndi - REPORTAJ
Ağcabədi rayonunun Poladlı kəndinin içməli su problemi uzun illərdir öz həllini tapmır.
APA TV-nin yerli bürosuna verilən məlumata görə, 70-ci illərdə 1 ədəd artezian quyusu qazılsa da, kənd sakinləri onun təsərrüfat suyuna olan tələbatın ödənməsi üçün nəzərdə tutulduğunu deyirlər.
Sərdar Mustafayev, kənd sakini: "Bir ədəd artezian vurulub kəndin üst tərəfində, o da yararlı su deyil. Kəndin bir qismi istifadə edir. Haradasa 1 km məsafə uzaqlıqdadır. 120-130 ev ancaq içmək üçün suyu oradan qablarla daşıyır. Yararlı olmasa da, əlacsızlıqdan o sudan istifadə edirik. Heyvanların suvarılması və məişətdə istifadə etmək üçün suyu pulla alırıq. Bunu da hər adam ala bilmir".
Poladlılar ötən illərdə həyətyanı torpaq sahələrində vurulan, "kaçalka" kimi tanınan qurğular hesabına içməli olmasa da, məişətdə işlədilən su təminatını ödəyə biliblər. Lakin yerin alt qatında suyun səviyyəsinin aşağı düşməsi bu qurğuları yararsız vəziyyətə salıb.
Nüsrət Rüstəmov, kənd sakini: "120 evin planı içməli su ilə təmin edilməyə görə çəkilib. 2012-ci ildən müraciət eləmişik, hələ də yerinə yetirilməyib. Bizi aldadırlar. Yalandan vəd verirlər, hələ də yerinə yetirilməyib".
Kənd sakinlərinin bir qismi suyu pulla alsalar da, bəzilərinin buna maddi imkanı çatmır. Bu səbəbdən susuz qalan evlərdə ən çox əziyyəti qadınlar çəkir. Onlar qarlı və yağışlı havalarda bacardıqları qədər daha çox su toplamağa çalışırlar. Bu da ən azı heyvan və toyuq-cücələrin suvarılmasında istifadə olunur.
Radə Dadaşova, kənd sakini: "Suyumuz yoxdur, susuzluqdan əziyyət çəkirik. Bu hansı zəmanədir ki, biz 2012-ci ildən müraciət etmişik, reaksiya verən yoxdur. Mən bir səhəng suyu gedib 1 kilometrlikdən gətirim heyvana verim, özüm içim, yoxsa pal-paltar yuyum?"
Ağcabədi rayon Sukanal İdarəsinin baş mühəndisi İlham Bəşirov APA TV-yə problemin mövcudluğundan xəbərdar olduqlarını və həlli üçün çalışdıqlarını deyib: "Bu barədə baş idarəyə məlumat vermişik. Həqiqətən orda təzə məhəllələrdə içməli su yoxdur. Əhali suyu bir az aralıdan daşıyır, bu da onlara əziyyət olur. Məlumat vermişik, 120 evə artezian quyusunun vurulması üçün pul ayrılmasını gözləyirik ki, 1 ədəd artezian qazıb, əhalinin istifadəsinə verək. 2017-ci ildə yəqin ki, vəsait ayrılacaq, biz də əlimizdən gələni edəcəyik".
Bizə, sadəcə, inanmaq qalır. Çünki 2017-ci ilin gəlişinə sayılı günlər qalıb. Yəni verilən sözün tutulması üçün artıq qolları çırmayıb işə başlamağın vaxtıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı