Şamaxıda barbarlıq: qəbirlər dağıdıldı, yerində tikintiyə başlandı
Qədim qəbir daşları yerlərindən götürülüb, bəziləri sındırılıb. Hadisə Şamaxı şəhərində yerləşən qəbiristanlıqların birində baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu günlərdə Şamaxının tarixi məzarlıqlarından biri olan, XVIII-XIX əsrlərə aid “Yeddi Gümbəz” qəbiristanlığında barbarlıq hadisəsi baş verib. Qəbiristanlığın giriş hissəsində yerləşən köhnə qəbirlərin üzərindəki sinə daşları götürülərək bir neçə metr kənara atılıb. Bu dəhşətli hadisə rayon sakinlərini şoka salıb.
Qəbiristanlıqdakı köhnə məzarların yeri də bir gecənin içərisində yoxa çıxıb, ərazidə təmizlik işləri görülüb. Baş vermiş hadisədən xəbər tutan insanlar aidiyyatı qurumlara məlumat veriblər. Sakinlər tarixi qəbiristanlığın məhv edilməsinə başlandığına görə narahat olublar. Baş verən xoşagəlməz hadisəni qınayan rayon sakinləri bu hadisəni insanlığa sığmayan bir iş olduğunu deyiblər.
Məlumata görə, ərazidə 15-ə yaxın qəbir məhv edilib. Məzar yerləri isə texnika vasitəsilə dağıdılaraq, hamarlama işləri görülüb və orada qəbirlərdən əsər-əlamət qalmayıb. Ərazidən uzaqlaşdırılan qəbir daşları kənarda bir yerə yığılıb. Bəzi qəbir daşları zədələnib, bəziləri isə sınıb.
Dağıdılan qəbirlərin yerində isə inşaat işlərinə başlanılıb. Qəbiristanlıqda aparılan həmin tikintinin sonda nə olacağı hələ ki, məlum deyil. Əraziyə nəzarət edən Şamaxı bələdiyyəsindən bildiriblər ki, hadisədən xəbərdardırlar. Şamaxı bələdiyyəsinin işçiləri və Şamaxı rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi əraziyə baxış keçirib, orada gedən tikinti işi dayandırılıb. Hazırda hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı