Azərbaycanda elm və texnologiya üzrə Ali Şuranın yaradılması təklif olunur
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyi Kollegiyasının birgə elmi sessiyası keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
O qeyd edib ki, son illər həyata keçirilən islahatlarda əsas hədəf elm və təhsilin inteqrasiyasıdır və bu sahədə ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır.
Akif Əlizadə “Elm haqqında” qanunda yer alan məsələlərdən biri - universitetlərin statusunun dəqiqləşdirilməsi ilə bağlı məsələyə diqqət çəkib: “Elm haqqında” qanunda nəzərdə tutulan məsələlərdən biri də “tədqiqat universiteti” statusunun müəyyənləşdirilməsidir. Güman edirəm ki, tədqiqat universiteti elm və təhsilin inteqrasiyası baxımından uğurlu modeldir. İstər elmi araşdırmalar, istərsə də təhsilin elə sahələri var ki, dövlətin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. İstərdim ki, hərbi sahədə yetişdirilən gənclərin tədrisi prosesində müvafiq alimlərimiz iştirak etsinlər”.
AMEA prezidenti Azərbaycanda elm və texnologiya üzrə Ali Şuranın yaradılmasını təklif edib. “Şuranın tərkibində AMEA-nın, təhsil, biznes, patent sahələrinin nümayəndələri olmalıdır” deyə o, əlavə edib.
Təhsil naziri Mikayıl Cabbarov isə səmərəli elmi tədqiqat aparmağı təmin etmək üçün ali təhsil və elmi-tədqiqat müəssisələrinin müştərək istifadə edə biləcəyi elmi-tədqiqat laboratoriya mərkəzlərinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, belə mərkəzlərin yaradılması maliyyə vəsaitinə qənaət edilməsinə, birgə fənlərarası tədqiqatların sayının və keyfiyyətinin artmasına şərait yaradacaq.
Təhsil naziri startap məktəblərin yaradılmasının əhəmiyyətindən də bəhs edib. O, qeyd edib ki, artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ildə Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap Məktəbinin ilk buraxılışı olub: “Layihənin məqsədi Azərbaycan startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes sahəsinə yönəlməsinə dəstək verməkdir. Startap məktəblərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda iş yerləri tutmaq deyil, iş yeri yaratmaq psixologiyası formalaşdırır”.
Tədbirin sonunda elmi sessiyanın qərarı qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı