Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur

Qala-Pirallahı avtomobil yolunun 22-cü km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur.

 

“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22 metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur.

 

"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayrıcı zolaq da qurulacaq. Yol boyu müasir işıqlandırma sisteminin quraşdırılması da planlaşdırılır.

 

Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək, yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

 

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən hissənin yenidən qurulması ilə Qala-Pirallahı avtomobil yolundan Pirallahı körpüsünü keçməklə Pirallahı adasına gediş-gəliş xeyli rahatlaşacaq.

 

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 0-7-ci km-lik hissəsinin yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Bundan öncə isə yolun 7-22-ci km-lik hissəsi müasir şəkildə yenidən qurulmuşdu.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR