"Fin şəhərciyi"nin püşklə ev sahibi olan məcburi köçkünləri - REPORTAJ

Füzuli rayonunda məcburi köçkünlərin yeni qəsəbəyə köçürülməsi prosesi davam edir. Bununla da 1995-ci ildə inşa edilən "Fin şəhərciyi" adlanan qəsəbədə məskunlaşan 400-dək məcburi köçkün ailəsinin ev problemi həll olunur.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, mənzillərin verilməsi püşkatma yolu ilə reallaşdırılır. Ailə sayına görə qruplara bölünən ailələr 1, 2, 3 və 4 otaqlı mənzillər arasından qismətlərinə düşən nömrəni çəkirlər.

 

Əliyevlər ailəsi 20 ildir məskunlaşdığı bir otaqlı "Fin evi"ndən yeni mənzilə köçməyin həyəcanını yaşayır.

 

Habil Əliyev, məcburi köçkün: "Burda pis şəraitdə yaşayırdıq. Prezidentimizi sağ olsun ki, bizə belə bir şərait yaradıb, bizi köçürür".

 

Şirin Əliyeva, məcburi köçkün: "Allah əmin-amanlıq eləsin, ermənilərin yolu bağlansın..."

 

Evin açarları sahibinə verilsə də, püşkatmada bəxtlərinə çıxan möhürlü ev nömrələri köçürmə prosesini tezləşdirmək və köçkün ailələrinə dəstək məqsədilə əraziyə cəlb olunmuş yük maşınlarının sürücülərinə verilir. Onlar ev sahiblərinin yükünü həmin evə daşımağa başlayır. Bütün xərclər dövlət tərəfindən ödənilir.

 

İbrahim Xəlilov, məcburi köçkün: "25 ildir burda yaşayırdıq. Burda yaşayanlar hamısı bizdən sonra gəlib. Bu gün əla evlərə köçürük".

 

Yeni qəsəbədə 20 birotaqlı, 200 ikiotaqlı, 168 üçotaqlı və 12 dördotaqlı mənzil köçkün ailələrinin istifadəsinə verilir. Artıq 200-dən çox ailə yeni mənzilə köçürülüb.

 

Nəzakət Məmmədova 10 ildir "Fin evi"nə gəlin gəldiyini deyir. Bu illər ərzində həyatının ən çətin günlərini yaşayıb: "Adından bəlli, "Fin evi" dəmir ev idi, qışda soyuq olurdu, yayda isti. Amma bu gün, çox şükür, suyumuz, qazımız, işığımız var".

 

Bütün mənzillərə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb. Müsahibimiz bu günədək yaşadığı "Fin evi"ndə torpaq sahəsinin olmadığını və bu səbəbdən nə tərəvəz, nə də ağac əkə bilmədiklərini deyir: "Balaca bir həyət idi, torpağımız var, hər şey əkib becərəcəyik".

 

Qəsəbədəki 400 ev qaz, su və elektrik enerjisi ilə təchiz olunub. Köçürmə tam başa çatdıqdan sonra təbii qazın verilməsinə başlanacaq. Bu günə qədər 200-dən çox ailə yeni mənzilə köçürülüb. Bu həftənin sonunadək köçürmə prosesinin tam başa çatması gözlənilir. Qəsəbədə həmçinin 120 yerlik uşaq bağçası və 320 şagirdlik məktəb də fəaliyyət göstərəcək. Köçkün düşdükləri gündən bu günədək yeni  ili dəmir evlərdə çətin şəraitdə qarşılayan məcburi köçkünlər ilk dəfə rahat bayram süfrəsi açacaqlar.

 

Yeni iliniz və yeni mənzilləriniz mübarək!

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR