Xələf Xələfov: "Xəzərin hüquqi statusuna dair sammitin tarixini demək çətindir"

Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü gələn ilin yanvar ayında Aşqabad şəhərində keçiriləcək.

 

APA TV-nin məlumatına görə, bunu xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, görüşdə hüquqi status məsələsi ətrafındakı danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq məsələləri də diqqət mərkəzində olacaq: "İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakirə olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun".

 

Xəzəryanı ölkələrin dövlət başçıları arasında görüşün tarixinə gəlincə, nazir müavini sözügedən sammitin keçirilmə tarixinin hələ məlum olmadığını qeyd edib: "Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixini demək çətindir. Eyni zamanda baxacağıq ki, konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyət hansı səviyyədədir. Onu deyə bilərəm ki, nazirlərin görüşünün Astanada keçirilməsi nəzərdə tutulur".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR