Mədət Quliyev "reket jurnalist"lərin həbsinin səbəbini açıqladı

"İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub". APA TV-nin məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

 

Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".

 

Mədət Quliyev qeyd edib ki, Azərbaycan özünü terror təhlükəsindən qorumaq üçün bütün zəruri addımları atır. Əsas məsələ isə dövlət rəhbərliyinin apardığı siyasət və onun xalq tərəfindən dəstəklənməsidir: “Azərbaycanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları birgə əməkdaşlıq çərçivəsində işləyir. Burada əsas məsələ isə dövlət rəhbərliyinin apardığı siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Xalqımız qədirbilən xalqdır, ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Biz bunu bu il sentyabrın 26-da ölkədə keçirilən referendum zamanı da gördük”.

 

DTX rəisi bildirib ki, hazırda "qara bazar"la bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. O qeyd edib ki, “qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: “Bununla bağlı müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır”.

 

Mədət Quliyev "reket jurnalist"lərin həbsinə də münasibət bildirib: "Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar. Bununla bağlı cinayət işi başlanılıb. DTX tərəfindən bu işə hüquqi qiymət veriləcək".

 

M.Quliyev bildirib ki, onlar müəyyən vəzifəli şəxslər, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıb, pul tələb ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR