Elman Rüstəmov: "Qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasında cüzi fərq var"

"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". APA TV-nin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

"Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir" - deyən Elman Rüstəmov tam üzən məzənnəyə keçidin məqsədinə də diqqət çəkib. O qeyd edib ki, məqsəd makroiqtisadi sabitliyə nail olmaqdır: "Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır".

 

E.Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: "Buna görə tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".

 

E.Rüstəmovun sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil: "Tam üzən məzənnəyə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. Biz artıq bu ilin əvvəlindən üzən məzənnəyə keçmişik. Fevraldan Mərkəzi Bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var".

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR