Gəncədə Nizami Gəncəvinin 875 illik yubileyi qeyd olundu

Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyi qeyd olunub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, tədbirlə əlaqədar Nizami Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmayıl Seragəldin Gəncə şəhərinə səfərə gəlib.

 

Qonaqların Gəncə şəhərinin girişində qarşılandıqdan sonra Nizami Gəncəvinin məqbərəsi və Nizami Muzeyini ziyarət ediblər. Sonra yubiley iştirakçıları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olub.

 

“Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açan Gəncə ŞİH başçısı Elmar Vəliyev dahi şairimizin dünya ədəbi irsinə qazandırdığı dəyərlər haqqında danışıb. Nizami Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru doktor İsmayıl Seragəldin, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli və AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev də çıxışlarında Nizami irsinin misilsiz bəşəri dəyərlər daşıdığını bildiriblər.

 

Konfransın sonunda Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqaya  Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru adı verilib, bununla bağlı ADAU-nun Elmi Şurasının qərarı oxunub, diplom və mantiya təqdim olunub. Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinə isə Gəncə Dövlət Universitetinin Fəxri Doktoru adı verilib.

 

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR