ABŞ-la Çin arasında qalmaqal: rəsmi qəzet Trampı uşaq adlandırdı

Donald Trampın Tayvan adası ilə bağlı söylədikləri ABŞ-la Çin arasında qalmaqala səbəb olub.

 

APA TV-nin CNN-ə istinadən məlumatına görə, Tramp adanın Çinin bir hissəsi olduğunu şübhə altına alıb. 

 

“Mən “Vahid Çin” siyasətini tam anlayıram. Lakin biz Çinlə ticarət də daxil olmaqla, bir sıra məsələlər üzrə razılaşma əldə etmiriksə, o zaman niyə “Vahid Çin” siyasətinə özümüzü bağlı hesab etməliyik?”, - deyə Tramp vurğulayıb. 

 

ABŞ-ın yeni prezidenti Çin hakimiyyət orqanlarını əsəbiləşdirmək niyyətində olmadığını açıqlayıb. Bununla yanaşı, onları ticarət və Şimali Koreyanın nüvə proqramına təsir etməklə bağlı danışıqlara çağırıb. 

 

Çinin “Global Times” dövlət qəzeti isə bu fikirlərə görə Trampı “xarici siyasətdən anlayışı olmayan uşaq” adlandırıb: “Vahid Çin” siyasəti satın alına bilməz. Görünən odur ki, Tramp yalnız biznesdən anlayır və inanır ki, hər şeyin qiyməti var. O düşünür ki, əgər kifayət qədər güclüdürsə, o zaman güclə hər şeyi alıb sata bilər”.

 

Nəşr həmçinin əlavə edib ki, Donald Tramp “Vahid Çin” siyasətinə dəyişiklik etmək istəsə, o zaman iki ölkə arasında “həqiqi böhran” yaşanacaq.

 

Qeyd edək ki, “Vahid Çin” siyasəti ABŞ prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra icra olunmağa başlayıb və iki ölkə arasında qurulan diplomatik əlaqələrin təməli hesab edilir.

 

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR