Hüseynbala Mirələmov: "Evdə tapşırmışam ki, işığa qənaət etsinlər" - DEPUTATLAR ARASINDA SORĞU
Ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyutamız manat ikiqat ucuzlaşıb. Böhran durumunda vətəndaşların büdcəsini düzgün planlaşdırması ən vacib şərtərdən biridir. Yəni, hər kəsin qənaət rejiminə keçməsi mütləqdir. Nədən imtina etməli, necə xərcləməli? Günün sualı da budur.
Milli Məclisin üzvləri son zamanlar şəxsi büdcədə qənaət məsələsini tez-tez gündəmə gətirir. Maraqlıdır, bəs deputatlar özləri nəyə qənaət etməyi planlaşdırırlar?
Millət vəkili Cavanşir Feyziyev deyir ki, hazırkı durumla bağlı ailə büdcəsində müəyyən şeylərə qənaət etməyə çalışacaq:
"Düşünürəm ki, ailə büdcəmizdə nələrəsə qənaət etməliyik. Hər bir ailədə olduğu kimi bizdə də ailənin gündəlik həyat tərzi təmin edilir. Məsələn kiminin övladı tələbədir, xərci çox olur. Mən təhsil xərclərini nəzərdə tuturam. Ərzaq isə bir nömrəli tələbatdır. Daha sonra geyimlə, sağlamlıqla bağlı xərclər var ki, burda artıq heç nəyə qənaət eləmək mümkün deyil. Bunlar vacib və zəruri xərclərdi ailə üçün. Amma ola bilər ki, səyahət və geyim xərcləri ixtisar oluna bilər".
Deputat Hüseynbala Mirələmov isə qeyd edib ki, Tarif Şurasının qərarından sonra ailə üzvlərinə işıq və mavi yanacağı qənaətlə işlətmək barədə tapşırıq verib:
"Tapşırmışam ki, işıq pulu və qaz pulu artığına görə artıq xərclərə yol verməsinlər. Qənaətcil olmaq lazımdır. Zamanla bu digər xərclərə də təsir edə bilər, amma indidən demişəm ki, işığa qənaət etsinlər. Yəni mətbəxə girdin, işini gördün işığı söndür".
Millət vəkili Fəzail Ağamalı da qənaət rejiminə keçməyə tərəfdardır:
"Ailədə mən və xanımım üçün elə də ciddi xərc tələb olunmur. Biz böyük ailəyik. Üç övladım var, onların da xərcləri demək olar ki bir qazandan gedir. Ora yığılır və oradan paylanılır. Belə olanda bu, həm mənim, həm də övladlarımın da büdcəsinə təsir edəcək. Bizin xərclər strukturumuza gündəlik ərzaq xərcləri, geyim, imkan olanda yayda 10-15 günlük harasa səyahət daxildir. İndi baxaq görək bu yay istirahət imkanımız olacaqmı?"
Deputat Rüstəm Xəlilov isə deyir ki, o ümumiyyətlə xaraktercə qənaətcil adamdır.
"Günlük xərcimi hesablamamışam. Daha çox nəyə pul xərcləyirəm deyə bilmərəm, çünki hər şeyə qənaət edirəm".
Deputat Şahin İsmayılov şəraitə uyğun olaraq müəyyən qənaətlər edəcəyini deyir:
"Həm təşkilatda, həm ailədə müəyyən məsələlərdə daha çox qənaətcil olacağam. Gündəlik xərclər ilk növbədə ailə xərclərimdir, daha sonra isə gənclər təşkilatının gündəlik xərcləridir. İki körpə övladım olduğuna görə onların zəruri tələbatları var ki, onu ödəmək də vacibdir. Bunun konkret hesabını aparmamışam, amma gündəlik normal azərbaycanlı ailəsinin xərclərindən fərqlənmir, uşaqların xərclərinin ödənilməsi əsas prioritetdir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı