40 qəpiyə (?) ödənilən təbii ehtiyac - PAYTAXTIN SANİTAR QOVŞAQLARI

Sanitar qovşaqlara Bakının bir çox ərazisində rast gəlmək mümkündür. Son zamanlar isə sayı daha da çoxalıb. Paytaxtın müxtəlif rayonlarında yeni WC-lər quraşdırılıb. Bu, təqdirəlayiq hal olsa da, bir çoxları qiymətlərin baha olmasından  gileylənir. Bu isə daha çox sosial şəbəkələrdə müzakirə olunur. Hətta bəzi yerlərdə qiymətlərin 40-50 qəpik olduğu deyilir.

 

İlk olaraq şəhər sakinləri arasında sorğu keçirib, qiymətlərlə bağlı onların fikrini öyrəndik.  

 

- Hər yerdə olmalıdır və pulsuz olmalıdır. Hər yerdə qiymətlər qalxır, yemək ehtiyaclarımız qalxır, amma bunun dollara dəxli yoxdur və qalxmamalıdır. Ən azı 20 qəpik olmalıdır.

 

- Ora getmək lazım deyil. Mən bilirəm, qiymət 40-50 qəpikdir. Onlar əhalini vadar edirlər ki, onlardan imtina etsinlər, bu qovşaqlardan getsinlər təbiətin qoynuna.

 

Əhalinin bu iradlarını nəzərə alaraq şəhərdə yeni quraşdırılan və mövcud olan tualetlərin  girişin qiyməti ilə maraqlandıq. İlk olaraq Səbail rayonundakı Sahil bağı adlanan əraziyə baş çəkdik. Bildirdilər ki, burada yerləşən WC Avropa Oyunları zamanı quraşdırılıb və əvvəlcədən də qiyməti 30 qəpik olub:

 

"Bizdə qiymətlər qalxmayıb, əvvəl də belə idi. 30 qəpikdir. Avropa Oyunları zamanı quraşdırılıb, elə o vaxtdan da 30 qəpikdir. 20 qəpik olmayıb. Elə olur 10 qəpik də verən olur. Pulsuz da keçirdirəm. Düz 50-60 adam pulsuz keçirdirəm. Süpürgəçilər, bağın işçiləri, xəstələr... Siyahı tutsan, 10 manatlıq havayı keçirdirəm. İstəyən adama yazıb çek də veririk. Deyirik, 30 qəpik. Hamı 30 qəpik vermir ki".

 

Metronun "Nizami" stansiyası yaxınlığında yerləşən sanitar qovşağında isə giriş əvvəllər 20 qəpik olsa da, hazırda 30 qəpikdir. Bunun isə bir çox səbəbi var:

 

"Gör neçə dənə salfet gedir, 10 adama 2-3 salfet gedir, şampun gedir, təmizlik də ki, öz yerində. Əvvəl 20 qəpik idi, vəziyyət yaxşı idi, hər şey qalxıb deyə biz də 30 qəpik etmişik. Bizdə qəbz verilmir".

 

Daha sonra üz tutduq Xətai rayonu ərazisinə. Metronun "Xətai" stansiyası ərazisində quraşdırılmış sanitar qovşağının da qiyməti digərlərindən fərqlənmirdi. 30 qəpik.

 

Dənizkənarı Bulvarda yerləşən sanitar qovşaqlarının qiymətlərində isə dəyişiklik yoxdur. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bulvar hər iki istiqamətdə genişlənib. Bütün ərazilərdə yeraltı sanitar qovşaqları var. Onların hamısının girişi 30 qəpik, yalnız birində 40 qəpikdir. Müsahibimiz deyir ki, 8 il ərzində qiymətlərdə heç bir dəyişiklik olmayıb:

 

"Ümumilikdə hazırkı vəziyyətdə 8 ədəd yeraltı sanitar qovşaqları var. Yalnız bir sanitar qovşağı var ki, 40 qəpikdir, o da böyük olduğu və xərcləri çox olduğu üçündür. Ora xərc çox çəkilir, elektrik enerjisi daha artıq sərf olunur. Orada xərclər daha çoxdur. O, heç 40 qəpiyə də özünü doğrultmur, ziyana işləyir. 50-60 qəpik də etmək olardı, ancaq insanların imkanını nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi ziyan da olsa, bu xərcləri öz üzərinə götürür".

 

Nazim Məcidovun sözlərinə görə, bulvar ərazisində yerləşən sanitar qovşaqları bir çox standartlara cavab verir, təmizliyə riayət edilir və bütün ləvazimatlarla təmin olunur. Nazim Məcidov Avropadan gələn qonaqların bizdə olan sanitar qovşaqlarına həsəd apardığını deyir:

 

"Avropanın inkişaf etmiş ölkələrindən bizə çoxlu sayda istər rəsmi qonaqlar, istərsə də turistlər gəlirlər. Rəsmi qonaqlar arasında da, turistlər arasında da bizə etiraf edib deyirlər ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə insanlar üçün bu cür kütləvi yerdə şəraiti olan, səliqəli, təmiz, bütün aksessuarları ilə olan tualetlər yoxdur. Azərbaycan bununla da dünyaya göstərir  ki, bizdə təkcə yerin üstündə olan ağaclar, işıqlanma dirəkləri və digər oturacaqlar deyil, yerin altında görünməyənlər də varsa, o ən gözəlidir, ən səliqəlisidir, ən yaxşısıdır".

 

Belə... "Sanitar qovşağı" deyib keçməyək. Unutmayaq ki, hər bir ölkənin mədəniyyət səviyyəsi həm də bu meyarla ölçülür.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR