Lənkəranda zəncirvari qəza: 1 ölü, 1 yaralı

Lənkəranda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 5:00 radələrində Ələt-Astara magistralının rayonun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran şəhər sakini Mirhüseyn Mirəziz oğlu Ocaqovun idarə etdiyi “Opel-Astra” markalı 50 CR 314 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun sağ tərəfində dayanmış “QAZel” markalı 07 BE 557 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.  Daha sonra yolda hərəkətdə olan digər “Ford” markalı 99 FB 352 dövlət nömrə nişanlı minik avtomobili idarəetməni itirərək qəzaya uğramış “Opel-Astra”ya  çırpılıb. Güclü zərbədən hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin xilasedici qrupu, Yol Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar. Onların birgə səyləri ilə “Opel-Astra”nın müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişini, Lənkəran şəhər sakini, 32 yaşlı Anar Telman oğlu Rəhmanov və sürücüsü Mirhüseyn Ocaqov avtomobildən çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin Anar Rəhmanov yarı yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mirhüseyn Ocaqovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri həyata keçirilən avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR