ABŞ-ın neft ehtiyatları azaldı, “qara qızıl” bahalaşır
“Forex” platformasında dolların zəifləməsi və ABŞ-ın neft ehtiyatlarının azalması birjalarda “qara qızılın” bahalaşmasına səbəb olub.
APA TV-nin xəbərinə görə, ötən ay Çinin neft idxalını gözləniləndən çox artırması da neftin dəyər qazanmasını təmin edib.
Birjalarda “Brent” markalı neftin bir bareli 54,09 dollardan satılır, Qərbi Texas nefti isə 51,21 dollara təklif olunur. Qeyd olunan amillər hər iki markadan olan neftin qiymətini orta hesabla 1,5 dollar bahalaşdırıb və treyderlər bu tendensiyanın davam edəcəyini düşünürlər.
Neftin qiyməti daha çox siyasi amillər səbəbilə formalaşdığından verilən bəyanatlar qiymətlərə təsir göstərir. Dünən İran prezidenti Həsən Ruhani bəyan edib ki, noyabrda əldə olunan razılaşmasının icrasını təmin etmək üçün OPEK-ə üzv olan ölkələr birgə çalışmalıdırlar. O vəd edib ki, Əlcəzair və Vyanadakı görüşlərdə əldə edilən razılaşmaların şərtlərinin icrası üçün şəxsən zəmin yaradacaq.
Qeyd edək ki, OPEK noyabrın 30-da neft hasilatının sutkalıq həcminin 32,5 mln. Barelədək azaldılmasına dair razılıq edib.
Sabah isə Vyanada OPEK-ə üzv olmayan ölkələrin görüşü keçiriləcək. OPEK görüşə 14 ölkə dəvət edib, “Reuters” agentliyi qeyri-üzv ölkələrdən yalnız Rusiya, Azərbaycan, Oman, Qazaxıstan və Meksika danışıqlarda iştiraka razılıq verdiyini bildirir. Agentlik əlavə edib ki, OPEK-ə üzv olmayan ölkələr, sutkalıq hasilat həcmini əvvəlcədən nəzərdə tutulan 600 min barel yox, 500 min barelədək azaltmağa razılaşacaqlar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər