Milli Məclisdə büdcə zərfinin müzakirəsi başa çatdı
Milli Məclisin plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi başa çatıb.
APA TV-nin məlumatına görə, plenar iclasda “2017-ci ilin dövlət büdcəsi”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları müzakirə olunub.
Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.
Nazir qeyd edib ki, DSMF-nin 2017-ci il büdcəsində əmək pensiyalarının indeksləşdirilməsi nəzərə alınıb: "Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-nin xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".
"Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra irad və təklif səsləndiriblər.
Deputat Rafael Cəbrayılov bildirib ki, əmək pensiyalarının hesablanması ilə bağlı ciddi problemlər var. Bu problemlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır: “İnsanlar məhkəmə çəkişməsində udduğu pensiya məbləğini almaqda çətinlik çəkir”.
Deputat bildirib ki, indiki çətin iqtisadi böhran şəraitində işsiz ailələrə ünvanlı sosial yardımın verilməsi təmin edilməlidir.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, ünvanlı sosial yardımların verilməsində neqativ hallar var. O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb: “Amma bu məsələ reallaşmadı. Bir çox qurumda kadrların şəffaf yerləşməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan kimi olsun. Həqiqətən Səlim Müslümov bu quruma rəhbər gətiriləndən sonra burada müsbətə doğru ciddi addımlar atıldı, şəffaflıq gücləndirildi. Amma ümumi baxsaq, hər yerdə 100 faiz şəffaflıq mümkündürmü? Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə, ciddi narazılıqlar yaranar. Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimumuna çatdırılsın, heç olmasa, 135 manat olsun. Rayonlarda sosial problemli ailələr çoxdur, rayon və kəndlərdəki mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur. Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın”.
Deputat Fazil Mustafa isə deyib ki, ölkədə işsizliyin səviyyəsi artır. O, diqqəti uşaqların xərclərinə yönəldib: “Bir uşağın təminatı üçün lazım olan ərzaq və digər vəsaitlər o qədər bahadır ki, ailə bunun öhdəsindən gələ bilmir. Bir məktəbli uşağın aylıq xərci 300-400 manatı keçir. Çox sayda xəstə uşaq var ki, valideynləri vəsait tapıb onları müalicə edə bilmirlər”.
Deputat Siyavuş Novruzov deputatların tənqid və təkliflərlə bağlı fikirlərinə münasibət bildirib: “Təbii ki, müxalifət tənqid, iqtidar müdafiə etməlidir. Amma tənqidin də forması olmalıdır. Tənqid etdikdə, konkret sahə göstərilməlidir. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda yazılır ki, hökumət tənqid edildi. Belə olanda, hər kəs düşünür ki, tənqidin ona aidiyyəti yoxdur. Bəzən də həmkarlarımızdan kimsə iclasdan çıxanda hökumət üzvlərinə “mən səni nəzərdə tutmurdum” deyirlər. Ona görə söz konkret ünvana deyilməlidir. Hökumətin həm yaxşı, həm də pis işləyən üzvləri var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.
Bundan sonra millət vəkili Qənirə Paşayeva Milli Məclisdə I qrup əlillər, fiziki imkanları məhdud uşaqlar və yaşa görə müavinətlərin artırılması təklifi ilə çıxış edib.
Qeyd edək ki, millət vəkillərinin təkliflərini dəyərləndirmək üçün hökumətə dekabrın 16-dək vaxt verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər