Azad Rəhimov: "İslamiadanın Əməliyyat Komitəsində əcnəbilərin sayı 10 dəfə azdır"
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə bu gün Bakıda “Chef de Mission” seminarı öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, bu münasibətlə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, onun müavini Saeed Abdulghaffar Hussein, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə mətbuat konfransı keçirilib.
Nazir Azad Rəhimov bildirib ki, açılış mərasiminə 5 aydan bir qədər çox vaxt qalır. Əsas işlər isə bu gündən başlayır. Planlaşdırılmış işlər qrafik üzrə aparılır. Hər hansı gecikmə və problem yoxdur: “Bu gün burada 50 ölkədən 71 iştirakçı qatılıb. İstərdik ki, bütün 57 İslam ölkəsinin idmançıları mayın 12-də Bakıda olsunlar. Bu, İslam ölkələrinin birləşməsi deməkdir. 50 ölkə nümayəndəsinin burada iştirakı o deməkdir ki, ən azı bu ölkələrin idmançıları yarışlarda iştirak edəcəklər. Çalışırıq ki, bu yarışlarda bütün ölkələr iştirak etsinlər”.
Azad Rəhimov qeyd edib ki, İslamiadaya qatılacaq ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə təşkil olunan seminarın əsas məqsədi hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdır. O, Avropa Oyunları zamanı Əməliyyat Komitəsində 500-dən çox xarici, 1000-dən çox yerli mütəxəssisin çalışdığını xatırladıb: “Bu dəfə onların sayı 10 qat azdır. İslamiadanın Əməliyyat Komitəsində əcnəbilərin sayı 50-dən artıqdır. Bu da departament rəhbərləridir”.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar isə çıxışında təşkilatçılıqdan razı olduğunu bildirib: “İlk dəfədir ki, İslam Həmrəyliyi oyunlarında 50-dən çox ölkə iştirak edir. Bu, sevindirici haldır. Bütün İslam ölkələrini yarışlara cəlb etmək niyyətindəyik. Azərbaycan tərəfinin gördüyü işlər təqdirəlayiqdir”
Sonda ölkəmizə gəlmək üçün futbol yığmaları ilə danışıqların getdiyi də vurğulanıb. Bildirilib ki, UEFA və FİFA ilə danışıqlar aparılır və bu günlərdə siyahı dəqiqləşəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər