Bakıya ilk qar yağdı: yollarda vəziyyət necədir? - REPORTAJ

Qış özünü göstərdi. Paytaxta qar yağdı. APA TV-nin məlumatına görə, bəzi yollar səhər saatlarından buz bağlayıb.

 

Qar o qədər güclü yağmasa da, bəzi yollar hələ də palçıqlı, qarlıdır. Xüsusilə də maşınların üstü qar qatı ilə örtülüb. Paytaxtın yüksəklikdə yerləşən ərazilərinə qar nisbətən çox düşsə də, bəzi ərazilərdə yollar qurudur. Qarın yağması ilə səhər saatlarında tıxaclar da olub. Tıxac yaranması, yolların buz bağlaması ən çox sürücülərin işini çətinləşdirib.

 

Nazim Ələkbərov, sürücü: "Cavanşir körpüsü, Babək, Yusif Səfərov küçəsi tərəfdə sıxlıq var idi. Yollarda vəziyyət normaldır. Bir az Yasamal tərəfdə buz var idi".

 

Xanlar Süleymanov, sürücü: "Hər yer qardır, buzdur. Sürmək olmur. Ən çox buz Yasamalda var idi. Qalan yerlərdə qar yoxdur. 1-2 qartəmizləyən maşın gördüm. Yasamal tərəfdə gördüm".

 

Paytaxtın mərkəzi yollarında qartəmizləyən maşınlar gözə dəyir. Parklar, insanların keçdiyi yollar, mərkəzi küçələr qardan təmizlənir. Amma sürücülər ara küçələrin hələ də təmizlənmədiyini deyirlər.

 

Qəzənfər Nəzərov, sürücü: "Şəhərin içi təmizdir. Şəhər anlayışı bizdə Qaqarin körpüsü - Azneft meydanıdır. O məsafə şəhər sayılır. Ondan o yana bərbaddır. Olimpdən yuxarı, Yasamala girmək çox təhlükəlidir. Mən indi Yasamaldan gəlirəm. 1 saat 10 dəqiqəyə bura çatmışam. Yollar buzdur, təmizlənmir". 

 

Hidrometeoroloqlar Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi  Gülşad Məmmədovanın sözlərinə görə, arabir güclü cənub-qərb küləyi əsəcək: "Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz  3-5 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Dekabrın 9-da Bakı və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlaması ehtimalı var".

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR