Türkanda "Narkomaniya sosial bəladır" və "Erkən nikah" mövzusunda tədbir keçirildi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Xəzər RPİ-nin təşəbbüsü ilə Türkan qəsəbəsinin Mədəniyyət Evində 3 məktəbin şagird və müəllim heyətinin iştirakı ilə "Narkomaniya sosial bəladır" və "Erkən nikah" mövzusunda tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Xəzər RPİ-nin rəisi Azər Muradov, müavin İsmayıl Qasımov, DİN-in BİTİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Mərkəzi Xəstəxananın baş narkoloqu Zakir Cabbarov, Xəzər Rayon Qeydiyyat Şöbəsinin rəisi Nailə Əhmədzadə statistikaya toxunaraq çıxış ediblər.

 

Qonaqlar cəmiyyətimizdə zəif də olsa, artan dinamika ilə inkişaf edən narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını, bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd ediblər.

 

Xəzər RPİ-nin rəisi, polis polkovniki Azər Muradov məruzəsində narkomaniyaya qarşı ölkə səviyyəsində, eləcə də rayon səviyyəsində aparılan kompleks tədbirlərdən danışıb.

 

Polkovnik Adıgözəl Adıgözəlov psixotrop maddələrin insan orqanizminə dağıdıcı təsirindən  və bu bəlaya tutulmuş insanların çətin keçən müalicə yollarından söhbət açıb.

 

Rəis müavini İsmayıl Qasımov ayrı-ayrı cinayət hadisələrinin statistikasını açıqlayaraq, bu cinayət hadisələrinin böyük bir hissəsinin narkomaniyaya yoluxmuş insanlar tərəfindən törədilməsinə, onların arasında yeniyetmələrin də olmasına diqqəti yönəldib.

 

Natiq  Nailə Əhmədzadə isə əsasən Bakı kəndlərində müşahidə olunan erkən nikaha toxunaraq, bu kimi  ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi halların daha çox müşahidə olunması faktlarını diqqətə çatdırıb.

 

Tədbir daha sonra şagirdlərin və tədbirdə iştirak edən qəsəbə sakinlərinin sualları ilə davam edib. Ən maraqlı sual verən şagirdlərdən birinə hədiyyə təqdim olunub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR