Ermənistan KİV: Ölkə səfilliyin bir addımlığındadır

"Ermənistan səfilliyin bir addımlığındadır". APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərə görə, işğalçı dövlətin əksər mətbu orqanları bu başlığı manşetə çıxarıb.

 

"1in.am" saytında bununla bağlı dərc olunan məqalədə prezident Serj Sarkisyan da başda olmaqla, demək olar ki, bütün nazirlərin Ermənistanı ayaqda saxlamaq üçün hazırda xaricdəki erməni lobbisinin köməyi ilə vəsait axtarışında olduğu qeyd olunub.

 

Məqalə müəllifi son 25 il ərzində hakimiyyətin ölkəni iflas həddinə çatdırdığını, xarici borcun isə hətta icazə verilən limiti çoxdan aşdığını qeyd edir. "Hazırda çarəsiz qalan Sərkisyan hakimiyyəti son ümid kimi heç vaxt dəstəkləmədiyi lobbidən kömək umur" - deyən məqalə müəllifi Musa Mikaelyan ölkəni bu vəziyyətdən çıxarmaq üçün Erməni Xeyriyyə Fonduna bilavasitə prezident səviyyəsində müraciət olunduğu və kömək istənildiyini bildirir:

 

"Ölkə defolt həddindədir. 25 ildir Ermənistanı idarə edən rejim ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Belə olan halda, bu hakimiyyət kimə və nəyə lazımdır? Ermənistanda vəziyyəti daha da ağırlaşdıran hakimiyyətin işi çətinə düşüb deyə, buna görə də yalnız indi xaricdəki diasporun mövcudluğunu xatırlayıblar. Göründüyü kimi, hazırda Ermənistan hakimiyyəti ölkəni idarə etmək iqtidarında deyil və son ümid kimi xaricdəki diaspora sığınır. Lakin yalnız sadəlövh insanlar xaricdəki erməni lobbisinin artıq etibarını itirmiş bir hakimiyyətin çağırışı ilə ölkəyə dəstək olacağına inana bilər" - deyə yazıda bildirilir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR