“Şeyxülislamlığın tarixi” kitabının təqdimat mərasimi keçirildi

Anar İsgəndərov və Adil Mövlayinin müəllifi olduğu “Şeyxülislamlığın tarixi” kitabının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, şeyxülislamlar Azərbaycan dövlətlərinin qurulmasında, milli şüurun formalaşmasında böyük rol oynayıb: "Gələcəkdə bu kitab davam edəcək, davam etməlidir. Şeyxülislamların həyatı, onların gördüyü işləri haqqında biz gələcək xalqımıza, cəmiyyətimizə bilgi verməliyik. Milli şurunun təkmilləşməsində və Azərbaycan dövlətinin yaranmasında baxıb görürük ki, Şeyxülislamların fəaliyyəti Azərbaycan dövlətçiliyinin qurulmasında və dövlətin yolunda çox böyük işlər görüblər".

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, bu kitab maraqla qarşılanacaq: “Şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunda mühüm rol oynayır".

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kitabın Azərbaycanın din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu nəzərə çatdırıb: “Bu cür kitablarla həm tariximizi öyrənir, gənc nəslə çatdırırıq, həm də İslam dünyasına çatdırırıq ki, Azərbaycan Qafqazda İslamın yayılmasında, qorunmasında özünəməxsus rol oynayıb və oynayır. Bu araşdırmalar davam etməlidir”.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov elmi ictimaiyyətə və xalqa sanballı bir kitab təqdim olunduğunu söyləyib: “Bu kitabda 12 böyük din xadimi haqqında məlumatlar yer alıb. Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə bir ağsaqqal kimi rolu böyükdür. Böyük dövlət xadimi Heydər Əliyev dövlət və din münasibətləri sahəsində Şeyxülislam Allahşükür Paşazadənin roluna böyük hörmətlə, diqqətlə yanaşırdı. Bu gün dünyada müharibə və qarşıdurmaların alovlandığı, qaçqınların sayının sürətlə artdığı bir dövrdə Heydər Əliyev kursunun davamçısı prezident İlham Əliyevin apardığı siyasət təqdirəlayiqdir. Bu il dövlət başçısı tərəfindən “Multukulturalizm ili” elan edilib. Bu istiqamətdə aparılan işlərdə Şeyxülislam Allahşükür Paşazadənin rolu böyükdür”.

 

Fəttah  Heydərov belə kitabların gələcəkdə də işıq üzü görməsinin vacibliyini vurğulayıb.

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov şeyxülislamlığın tarixinin 1300 il olduğunu xatırladıb: "Azərbaycan Cənubi və Şimali Azərbaycana ayrıldıqdan sonra şimalda bu institut yenidən formalaşıb. Kitabda 12 şeyxülislamın həyatı, irsi geniş araşdırılıb, ikinci şeyxülislam İrəvaninin həyatından da bəhs edilib".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR