Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin rəhbərliyi Respublika Əlillərin Bərpa Mərkəzində olub
Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və Komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski Azərbaycana səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olublar.
Ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən biridir.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev qonaqlarla söhbətində qeyd edib ki, mərkəz 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində Cənubi Qafqaz regionunda analoqu olmayan tibbi-sosial reabilitasiya şəraitinin yaradıldığı nümunəvi bir müəssisədir. İl ərzində mərkəzdə 1700 nəfərə yaxın əlilliyi olan şəxs ən müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti ilə təmin edilirlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xidmətindədir. Reabilitasiya tədbirlərinin davamı kimi cari ilin 10 ayında həmin müəssisələrdə 19,4 min nəfərdən çox şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib, onlara 28,7 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bununla bərabər, ötən il və cari ildə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib.
Qonaqlar mərkəzin fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti, müasir avadanlıq və qurğularla təchiz edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları ilə yaxından tanış olublar. Onlar parafin vannaları, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, müasir fizioterapiya və kineterapiya aparatları, habelə müalicəvi bədən tərbiyəsi vasitəsilə aparılan reabilitasiya prosesini izləyiblər.
D.Yevangelista ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması yönündə aparılan işlərlə bağlı müsbət təəssüratlara malik olduğunu, Azərbaycanda müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraitindən məmnun qaldığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər