Yevda Abramov: "Qışda kommunal xidmət haqlarının artırılması düzgün deyil"

Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirələri davam edib.

 

APA TV-nin məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov müzakirələrin sabah da davam etdiriləcəyini deyib.

 

Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “2017-ci il üçün yaşayış minimumu haqqında”, “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

 

Çıxış edən deputat Jalə Əliyeva bəzi rayonlarda icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlandığını xatırladaraq deyib ki, icbari tibbi sığortanın aztəminatlı ailələr üçün vacibliyini nəzərə alaraq, onun daha tez tətbiq olunmasına ehtiyac var.

 

Deputat Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə onlara verilən maliyyə vəsaitinin dayandırılaraq pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyib: “Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.

 

Deputat Yevda Abramov Tarif Şurasını və bəzi məmurları tənqid edib. O qeyd edib ki, ilin indiki fəslində ölkədə kommunal xidmət haqlarının artırılması düzgün deyil: “Mən bilirəm ki, büdcədə müəyyən kəsr yaranmışdı və bu qiymət artımı ona görədir. Amma biz bu kəsiri başqa yollarla da həll edə bilərdik. Bu 300 milyon manatı həmin qurumlara dotasiya tətbiq etməklə, yaxud yığımın intensivliyini artırmaqla və sair həll edə bilərdik. Yaxud kvotanı artıra bilərdik. Hansı ki, birinə 62 faiz, birinə 72 faiz göstərici verilir. Amma, məsələn, Qubada qarın 20 sm yağdığı vaxtda qazın və işığın qiymətini qaldırmaqla, xalqın boğazından yapışmaqla bu məmurlar nə əldə etmək istəyir? Bu yaxınlarda referendum oldu. Xalq birmənalı şəkildə cənab prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bütün xalq prezidentin yanında oldu".

 

Deputat Tarif Şurasının qərar qəbul edərkən hansı arqumentləri əsas götürdüyünü anlamadığını da bildirib: "Üzümü tuturam bəzi məmurlara: heç olmasa, iki-üç il çətin yaşayaq, amma xalqın yanında olaq ki, bu çətinliyi xata-bəlasız yola verək, necə ki, cənab prezident xalqın yanındadır”.

 

Deputatın çıxışına reaksiya verən spiker Oqtay Əsədov bildirib ki, kvota məsələsində 62 faiz o demək deyil ki, onların hamısı yoxsuldur: “Onların arasında 4 otaqlı evləri olanlar da var. Mənim fikrim sizin çıxışa müdaxilə etmək deyildi. Mən kimsəyə müdaxilə etmirəm, sadəcə, dedim biləsiz”.

 

Deputat Tahir Rzayev isə deyib ki, ölkədə iqtisadi çətinliklər mövcuddur və bunu gizlətmək olmaz. O, iş yerlərindən ixtisarlarla bağlı narazılığını bildirib: “Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etməsi doğru deyil. Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməli, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.

 

Millət vəkili Çingiz Qənizadə Nazirlər Kabinetinin qaçqınlarla bağlı qərarını dəyişməyə çağırıb: “Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” qərarında düzəlişlər edilməlidir. Ayrılmış güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, birbaşa qaçqın və məcburi köçkünlərə verilməlidir”.

 

O bildirib ki, Hesablama Palatasının rəyinə əsasən, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur.

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov büdcə müzakirələri zamanı elektron KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. O deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. Ə.Amaşov jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyərək bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir: “Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda internet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Ona görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Məhz internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır. Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu biçarələr bəs nə ilə yaşamalıdır?”

 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, səfirliyin açılıb-bağlanması çox ciddi məsələdir. Deputat dövlət aparatında struktur islahatlarının aparılmasını təklif edib: “Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.

 

İclas müzakirələrlə sabah da davam edəcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR