Baş toksikoloq: "Bu il sirkə turşusundan 8 nəfər ölüb"

Bu il ərzində Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət olub, həmin şəxslərdən 332-si xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

 

Onun sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti 20-40 yaş arası insanlar olub. Mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin vəziyyəti orta-ağır, qalanların vəziyyəti isə yüngül olub:

 

"Bu da daha çox qapalı mühitdə, ən çox da vanna otağında baş verir. Çox zaman vanna otağının qapısının bağlı olması dəm qazından zəhərlənən şəxsin xilası üçün vaxt itkisinə səbəb olur. Xəstənin huşu üstündə olarsa, vaxt itkisi yaranmır, amma huşu üstündə olmayanda əlavə vaxt itirilir”.

 

Baş toksikoloqun sözlərinə görə, bu il mərkəzə müraciətlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb. Ötən il isə 1 nəfər dünyasını dəyişib. Azər Maqsudov dəm qazından zəhərlənmə qeydə alındıqda, təcili həkim çağırılmasını vacib sayır. Həkim gələnə qədər isə xəstəyə mütləq ilkin tibbi yardımın göstərilməli, xəstə qapalı şəraitdən çıxarılmalı, bədənin hərarəti aşağı düşdüyünə görə üstü örtülməli və isti içki verilməlidir.

 

Qazdan zəhərlənmədən başqa mərkəzə sirkə turşusundan tutmuş, müxtəlif dərman preparatlarının, yuxugətirici, psixotrop dərmanların qəbulu, ilan sancması, sirkə turşusundan zəhərlənmə ilə də bağlı müraciətlər olub:

 

"Sirkə turşusundan zəhərlənmə ilə hər ay 5-7 müraciət daxil olur. Bu il sirkə turşusundan cəmi 8 nəfər ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirilib və həyatlarını xilas etmək mümkün olmayıb. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verən hadisələr nəticəsində olur”. 

 

İntihar məqsədilə sirkə turşusu və dərman preparatlarından zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3 faizini təşkil edir. İl ərzində mərkəzə zəhərlənmə ilə bağlı 68 uşağın daxil olduğunu deyən Azər Maqsudov əlavə edib ki, onlardan 42 nəfəri dərmandan, qalanları isə dəm qazından zəhərlənib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR