Evləri yanmış, bir otağa sığınan 5 ailə üzvü - REPORTAJ
Quliyevlər ailəsi bu ilin martından bəri çətin duruma düşüb. Ailəni çətin vəziyyətə salan isə evlərinin olmamasıdır.
APA TV-nin xəbərinə görə, bu il martın 16-da Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə 4 nəfərin - ana, ata, oğul və gəlinin yaşadığı evdə qaz sızmasından partlayış olub.
Partlayış nəticəsində evin ağsaqqalı, 80 yaşlı Baloğlan Quliyev və həyat yoldaşı, 75 yaşlı Səriyyə Quliyeva yanaraq dünyasını dəyişib. Anasını xilas etmək üçün alovun içinə girən oğul Hacıağa Quliyev isə 3-cü dərəcəli yanıq xəsarəti alıb. Evləri tamamilə külə dönən ailə 1-ci mərtəbədə yaşayan oğlunun evinə sığınmalı olub. Hazırda 5 ailə üzvü balaca 1 otaqlı evdə yaşamağa məcburdur
Ceyran Quliyeva: "Evdən bir dəst paltar da çıxara bilmədik, su içində çıxdıq. Oğlum, mən, gəlinim, nəvəm su içində çıxdıq. O səhnələr yadıma düşəndə çox pis oluram. Xəstəxanada yoldaşım çox ağır vəziyyətdə idi. Gözləri görmürdü, kar olmuşdu, eşitmirdi. Əlləri yandı. İndi də gözləri yaxşı görmür. Çox əsəbi olub".
Xüsusilə də yağışlı-qarlı günlərdə ailənin durumu daha acınacaqlı olur. Yağış suyu evin içinə dolur: "Çöllərdə qalmışıq. Yağış yağanda evimiz damır. Mətbəxə girmək mümkün olmur. Qayınanamın evi yananda oğlumun evinin mətbəxinin üstü də yanıb".
Üzləşdikləri bu problemlə əlaqədar Quliyevlər ailəsi aidiyyəti qurumlara müraciət edib. Hazırda köməksiz vəziyyətdə olan və 5 nəfərin 1 otağa sığındığı Quliyevlər ailəsi başqa evə köçürüləcəyi günü gözləyir: "Bütün orqanlara müraciət etmişik. İcra hakimiyyətinə də müraciət etdik. Hamısına məktub yazdıq ki, vəziyyətimiz pisdir, kömək istəyirik".
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Müsahibə verməkdən imtina edən qurum rəsmisi sorğumuza cavab bildirdi ki, Bakı şəhərinin baş planına uyğun olaraq “Sovetski” adlanan ərazidə yaşayanların köçürülməsi davam edir. Eyni zamanda Quliyevlər ailəsinin evlərində də ölçmə və inventarlaşma işləri aparılıb. Evləri yanan ailənin həmin ərazidən dəqiq köçürülmə tarixi və kompensasiyanın verilməsinə gəldikdə isə, qurumdan bildirdilər ki, bu, maliyyə məsələləri ilə bağlı olduğundan, dəqiq məlumat verə bilmirlər.
Qurumun cavabından da göründüyü kimi, Quliyevlər ailəsi hələ bir müddət də bu çətin durumda yaşamağa məcbur olacaq. Onların həyatı plandan asılıdır. O vaxta qədər isə Quliyevlər ailəsinin üzvləri özləri haqda heç bir plan qura bilməyəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər