"İŞİD bizim səhvimizdən yarandı, "Taliban"la bacara bilmirik" - OBAMADAN SÜRPRİZ ETİRAFLAR

"İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb". APA TV-nin məlumatına görə, bu açıqlamanı ABŞ prezidenti Barak Obama verib.

 

“İŞİD-in hərəkətlərinə cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi”, - deyə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib.   

 

O qeyd edib ki, 2014-cü ildən bu vaxtadək əsas üstünlük,  ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir. Bundan başqa, ABŞ,  İraqın qonşuları da daxil olmaqla, 60 ölkənin qoşulduğu koalisiya yaradıb.

 

“Bundan sonra biz, ABŞ batalyonları ilə yox, yerli birləşmələrin vasitəsilə Suriya və İraqda terrorçularla mübarizəyə başladıq. Biz onlara avadanlıq, müşavirlər və  xüsusi təyinatlılarla yardım edirik”, - deyə Obama qeyd edib.   

 

Onun sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib.   

 

Obama həmçinin etiraf edib ki, ABŞ “Taliban” hərəkatını məhv etmək iqtidarında deyil, amma Əfqanıstanda sülhün bərqərar olması üçün bu ölkənin  təhlükəsizlik qüvvələrinə yardım göstərə bilər.

 

“Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalmaqdadır, orada müharibə 30 ildən çoxdur davam edir. ABŞ müharibəyə son qoymaq üçün “Taliban”ı məhv edə bilmir. Amma biz orada silahlılar üçün sığınacaq yaradan “Əl Qaidə”yə mane ola bilərik və ölkənin  təhlükəsizlik qüvvələrinə yardım göstərə bilərik”, - deyə Obama qeyd edib.      

 

Obama hazırda Əfqanıstanda 10 mindən az amerikalı hərbçinin olduğunu bildirib və deyib ki, onlar yerli silahlı qüvvələrə yardım edirlər.  

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR