Rusiya və Türkiyə baş nazirləri Moskvada açıqlamalar verdi

 

Türkiyənin baş naziri Binəli Yıldırımın Moskvaya səfəri başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım energetika, nüvə və neft-qaz sahələrinə dair məsələləri müzakirə ediblər.

  D. Medvedev  2017-ci ilin birinci yarısında Rusiya və Türkiyə prezidentləri arasında danışıqların aparılmasının planlaşdırıldığını bildirilib. Danışıqların Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində aparılacağı qeyd olunub.   

Türkiyənin hökumət rəhbəri də görüşdə böyük layihələrin təməli barədə söhbət getdiyini vurğulayıb. Binəli Yıldırım iki ölkə arasında əlaqələrin məlum təyyarə insidentindən əvvəlki səviyyəsindən də yüksəyə qaldıracaqlarını qeyd edib. Ən qısa zamanda isə "Türk axını" layihəsinin inşasına başlanacağını dilə gətirib:  "Biz hazırda Rusiya tərəfinin təsdiqini gözləyirik, bu layihə yalnız iki ölkənin marağında yox, bütün Avropanın enerji ehtiyacını qarşılayacaq regional layihədir. "Akkuyu" AES-nın tikintisi də bizim üçün çox önəmlidir. Bunu iki ölkə arasında mühüm bir layihədir və 2023-cü ildə birinci blokun işə salınması üçün işlərin sürətləndirilməsi lazımdır".


Rusiyanın baş naziri D. Medvedev Rusiya tərəfinin bu layihənin həyata keçirilməsinə çox isti yanaşdığını deyib: "Bu layihə tez bir zamanda reallaşmalıdır. Hər iki tərəf ən yüksək səviyyədə hazırdır. Biz də təsdiq mərhələsindəyik. Bir xətt Türkiyənin ehtiyacı üçün nəzərdə tutulub, digər xətt isə Türkiyə ərazisindən Avropaya uzanacaq. Bu layihə Avropa üçün də önəmlidir".

Rusiya hökumət başçısı da "Akkuyu" AES-i ilə bağlı işlərin ləng getdiyini bildirib və layihəyə yeni status verməklə məqsədə nail olunacağına əminliyini ifadə edib.

Hökumət rəhbərləri iki ölkə arasında turizm sahəsində ötən il geriləmə olduğunu da etiraf edib, bu il yaranan boşluğun doldurulacağına ümid etdiklərini vurğulayıblar.

Birgə mətbuat konfransında Suriya məsələsi də gündəmdə olub: "Suriya məsələsində dialoqumuz daha rahat şəkildə davam edir. Hələbdə yaşanan insan dramı bitməlidir. Terror qruplarının məhv edilməsi vacibdir. Türkiyənin hədəfi İŞİD, PKK və PYD-dir. Miqrantlar öz yurdlarına dönməlidir. Bunun üçün bölgədəyik. Suriya böhranın daha tez həll olunacağına inanıram".
 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR