Elman Rüstəmov: "Mərkəzi Bank gələn il də sərt pul siyasətini davam etdirəcək"

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin müzakirəsi məsələsi daxil edilib.

 

İclası giriş sözü açan spiker Oqtay Əsədov qeyd edib ki, mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb: “Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır. Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosial yönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramları istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanılması üçün ölkə büdcəsindən kifayət qədər vəsait ayrılıb".

 

"Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək”, - deyə O.Əsədov qeyd edib.

 

"Gələn il üçün büdcənin gəlirləri 16,2 mlrd. manat, xərcləri isə 16,9 mlrd. manat həcmində proqnozlaşdırılır" deyən maliyyə naziri Samir Şərifov bildirib ki, bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16,900 mlrd. manat məbləğində proqnozlaşdırılır. Vergilər Nazirliyi üzrə büdcə proqnozu 7,510 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1% çoxdur: "Dəyişiklik nəzərə alınmaqla büdcə gəlirləri 16,255 mlrd. manat məbləğində proqnozlaşdırılıb. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2,200 mlrd. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 mln. manat və ya 21,5% çoxdur. 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır. Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub".

 

Nazir qeyd  edib ki, növbəti ilin büdcəsini əvvəlki illərin büdcələrindən fərqləndirən digər cəhət dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, 2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etmişik. Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejimi manatın məzənnəsində əhəmiyyətli olub: "Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11% ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq, davamlılıq və dayanıqlıq nümayiş etdirir".

 

E.Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasətini davam etdirəcək. Onun sözlərinə görə, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək, pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: "Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə, faiz dərəcələri səviyyəsinə baxılacaq. Ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq".

 

Plenar iclas sabah da öz işini davam etdirəcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR