Uşaqlar üçün ən gözəl, unudulmaz Yeni İl hədiyyəsi - KİTAB
Fəvvarələr meydanında “Nargis Fund”un təşkilatçılığı ilə IV “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədi üçün istifadə olunacaq.
APA TV-nin məlumatına görə, 2017-ci il yanvarın 17-dək davam edəcək yarmarkada paytaxt sakinlərini və qonaqları cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir.
Tanınmış brendlərin çoxu öz məhsullarını yarmarkada təqdim edib. TEAS Press Nəşriyyat Evi və “3 alma” uşaq ədəbiyyatı bölməsi də sərgiyə qatılan brendlər arasında yer alıb. Təqdim olunan kitablar TEAS Pressin peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə, Avropa standartlarına uyğun, nəfis şəkildə çap edilib. Kitabların əksəriyyəti keyfiyyətli və qalın cildlə üzlənib. Uşaq kitablarının arasında gözəl, rəsmli kitablar da var. Bu kitablar mütaliəyə hələ təzəcə başlamış uşaqlar üçün nəzərdə tutulub. Klassik romanlar isə nazik cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.
TEAS Press Nəşriyyat evi həm bədii, həm də digər janrlarda əsərlər çap edir. Yarmarkada təqdim olunan qorxu romanları, tarixi əsərlər, habelə biznes kitabları, akademik kitablar böyük oxucu marağına səbəb olub.
Bununla yanaşı, TEAS Press Nəşriyyat evi “Klavis” nəşriyyatı ilə birgə xüsusi dizayn olunan Riki oyuncaqlarını da təqdim edib.
“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitablar da təqdim edilir. Bu kitablar oxumağa hələ yenicə başlayan uşaqlar üçün nəzərdə tutulub.
“Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə qızlar üçün nəzərdə tutulub. Kitab Sevincdən və onun ən yaxın rəfiqəsi Mələkdən bəhs edir.
Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Qara köhlən” və “Sirli bağ” əsərləri daxildir. Hər üç kitab klassik əsərdir. Bu kitablar onlarla dilə tərcümə edilib və milyonlarla nüsxə satılıb.
Yarmarkaya gələ bilməyənlər üçün bütün bu kitabları www.teaspress.az və www.3alma.az saytından onlayn sifariş etmək də mümkündür. Dünyanın istənilən nöqtəsinə sərfəli şərtlərlə çatdırılma xidməti təklif edən TEAS Press oxucuların rahatlığını düşünür.
Nəşriyyat gələcəkdə də bu və digər müəlliflərin məşhur kitablarını nəşr etməyi planlaşdırır. Nəşriyyat bu yaxınlarda təhsilə aid kitablarla bağlı informasiya xarakterli ikinci tədbirini də keçirəcək.
Nəşriyyatın təmsilçisi deyir ki, yüksək keyfiyyətlə işıq üzü görən bu kitablar Türkiyədə nəşr olunur: “TEAS Press Nəşriyyat evi və “3 alma” uşaq ədəbiyyatı bölməsi oxucularına yeni kitabları təqdim edir. Yüksək keyfiyyətlə işıq üzü görən bu kitablar Türkiyədə nəşr olunur. Oksford Universitetinin kitablarını da təqdim edirik. Məqsədimiz kitabları hamı üçün əlçatan etməkdir. Eyni zamanda məqsədimiz həmçinin bazara daha keyfiyyətli kitablar çıxarmaqdır”.
Fürsətdən istifadə edib yarmarkaya gələn şəhər sakinlərinin də fikrini öyrənirik:
- Çox xoşuma gəldi. Yeni il öncəsi bu xeyriyyə aksiyasının keçirilməsini alqışlayıram. Maraq da böyükdür. Mənim diqqətimi daha çox yarmarkaya çıxarılan kitablar çəkdi. Çox maraqlı və keyfiyyətli kitablardır. İnanıram ki, mənim kimi digər şəhər sakinləri də kitaba olan maraqlarını itirməyəcəklər.
- Mən yarmarkaya könüllü qismində qatılmışam. Məqsədim gənclərimizi kitab oxumağa, kitaba olan diqqətə yönəltməkdir. Doğrudan da müxtəlif brendlər olsa da, daha çox kitablara maraq var.
- Həm özüm, həm oğlum üçün Yeni il hədiyyəsi olaraq kitab aldım. Çox xoşuma gəldi. Yarmarka yüksək səviyyədə təşkil olunub.
- Şəhərimizə gözəllik verir yarmarka. İnanıram ki, belə aksiyaların keçirilməsi sakinlərin də ürəyincə olacaq.
Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir. Yarmarka 2017-ci il yanvarın 17-dək davam edəcək.
.
“Biz mələyik!” şüarı ilə keçirilən bu yarmarkada doğma və yaxınlarımız üçün Yeni il hədiyyələri almaq və bununla da ehtiyacı olan xeyli uşağa sevinc bəxş etmək olar. Mələklər isə layihəyə cəlb olunan, yardıma böyük töhfə verən, uşaqların müalicəsinə və əylənməsinə kömək göstərən sponsorlar, könüllülər və iştirakçılardır.
Yeri gəlmişkən, yarmarka çərçivəsində Fəvvarələr meydanında Yeni ilin əsas rəmzi olan 22 metr hündürlüyündə yolka quraşdırılıb. Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta baba və Qar qız, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər