Hərbi sursatı metal kimi satan ailənin evindən 59 mərmi tapıldı - NONSENS

Qazax rayonunda həyat üçün təhlükəli hesab olunan çoxlu sayda mərmi aşkarlanıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, sursatlar Qazax Rayon İcra Hakimiyyəti aparatının Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) müraciətindən sonra aşkar olunub.

 

Müraciətə əsasən ANAMA-nın Ağstafada yerləşən regional bazasının əməkdaşları Qazax şəhəri Əhməd Seyidov 8 a ünvanında yaşayan Əhmədovlar ailəsinin yaşadığı evin həyətinə baxış keçirib. Buradan 59 ədəd mərmi tapılıb.

 

Əhmədovlar ailəsi bildirib ki, toplanmış mərmi qırıqlarını müxtəlif metal qəbulu məntəqələrə pul qarşılığında metal kimi satırlar. Evin xanımı, ikinci qrup əlil olan Solmaz Əhmədova topladıqları mərmilərin təhlükəsiz olduğunu deyib.

 

Çoxlu sayda mərmi qalıqlarının arasından seçilən təhlükəli tapıntılar ANAMA-nın əməkdaşları tərəfindən Ağstafada yerləşən bazaya, oradan da partlayış üçün nəzərdə tutulmuş əraziyə aparılıb və partladılaraq zərərsizləşdirilib.

 

ANAMA-dan bildirilib ki, bu kimi təhlükəli sursatlar daha çox düşmənlə üzbəüz olan yaşayış məntəqələrində aşkarlanır. Ağstafa rayonu da partlamamış mərmilərin daha çox olduğu ərazi sayılır. Buna səbəb isə hələ illər əvvəl sovet dövründən qalma hərbi baza və poliqonlardır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR