Masallı sakininin evi yandırılıb

Masallı sakininin evi yandırılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 20:00 radələrində rayonun Qodman kəndində qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər kənd sakini, 50 yaşlı Səxavət Umud oğlu Şiriyevin ailəsinin toyda olduğunu bilərək, oğurluq məqsədilə pəncərədən onun evinə giriblər. Lakin evdən pul və qızıl-zinət əşyaları tapa bilməyiblər. Onlar izi itirməkdən ötrü evin otaqlarından birini yandırıblar.

 

Yanğını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyi Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyi ilə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində ümumi sahəsi 188 kv. m olan evin 2 kv. m ərazisi içindəki məişət avadanlıqları ilə yanaraq yararsız vəziyyətə düşüb.

 

Ev sahibəsi Gülnaz Şiriyevanın sözlərinə görə, bu, onların mənzilindən son 3 ayda edilən ikinci oğurluq cəhdidir.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsi də məlumatlandırılıb. Ekspertizanın yekun rəyindən sonra polis hadisənin oğurluq versiyasını araşdıracaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR