Prezident və xanımı RYTN-in yeni mərkəzlərinin açılışında iştirak edib

Dekabrın 5-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

 

APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına məlumat verərək bildirib ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni yaradılan Data Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

Prezident İlham Əliyevə məlumat verilib ki, yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.

 

Daha sonra dövlət başçısı və xanımı Beynəlxalq Kommutasiya və Regional Data mərkəzlərinin yerləşdiyi “AzInTelecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin inzibati binasındakı iş şəraiti və maddi-texniki baza ilə tanış olublar. Buradakı iclas salonunda “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti və yeni yaradılan mərkəzlərlə bağlı təqdimat keçirilib. Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanla xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycanla dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin göstərilməsi və həcminin artırılmasına da imkan verir.

 

Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR