Prezident İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

 

APA TV-nin məlumatına görə, Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib.

 

Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.

 

Ölkəsinin hökumət rəhbərinin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan deyib ki, baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib və buna görə onun adından minnətdarlığını Azərbaycanın dövlət başçısına çatdırıb. Pakistanlı nazir baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu bildirib.

 

Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olundu.

  

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR