Azərbaycanda "Xüsusi Olimpiya Liderlik Akademiyası" yaradılır

Bakıda "Xüsusi Olimpiya Liderlik Akademiyası"nın yaradılması ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə əvvəlcə akademiyanın məqsəd və vəzifələri, görəcəyi işlər və əsas prioritetləri barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, hazırda ölkəmizdə sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarını daha səmərəli keçirməsi məqsədilə respublikanın müxtəlif regionlarında idman-sağlamlıq mərkəzləri yaradılıb, eləcə də mövcud olimpiya komplekslərində onların məşq etməsi üçün hər cür imkanlar nəzərə alınıb.

 

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov çıxışında respublikada 41 olimpiya-idman kompleksinin tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı nəticəsində 2015-ci ildə keçirilən Xüsusi Olimpiya Oyunlarında idmançılarımız uğurla çıxış edərək, ümumilikdə 22 medal qazanıb. Hazırda bu nailiyyətlərin daha da artması üçün müvafiq işlər aparılır.

 

Qeyd olunub ki, hazırda dünyada fiziki imkanları məhdud olan 93 milyon uşaq rəsmən qeydiyyatdadır. Onların cəmiyyətə uğurla adaptasiyası üçün bu kateqoriyaya aid uşaqların idmana cəlb olunması zəruridir.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə ölkəmizin müstəqillik əldə etməsi ilə idman hərəkatının inkişafında dönüş yarandığını xüsusi vurğulayıb. Hazırda Azərbaycanda əqli imkanları məhdud uşaqlar üçün 2 xüsusi təyinatlı müəssisənin fəaliyyət göstərdiyini deyən nazir adı çəkilən müəssisələrin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilərək, bu kateqoriyaya aid şəxslərin istifadəsinə verildiyini bildirib: "Azərbaycan əhalisinin 6 faizi, uşaqlar arasında isə təqribən 71600 nəfər sağlamlıq imkanları məhdud şəxslər qrupuna aid edilir. Bu insanların cəmiyyətin həyatına inteqrasiyası, onların səhiyyə və təhsil xidmətlərinə, əmək bazarına çıxışlarının təmin edilməsi, eləcə də hüquq və şəxsiyyətlərinin qorunması istiqamətində addımların atılması bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi mühüm sosial siyasətin tərkib hissəsidir".

 

Avropa-Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti və icraçı direktoru Devid Evangelista isə xüsusi olimpiya hərəkatı çərçivəsində ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Azərbaycan Xüsusi Olimpiya Komitəsi inkişaf edən bir təşkilatdır. Biz burada həm Gənclər və İdman, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin bu komitəyə dəstək verdiyinin şahidi olduq. Düşünürəm ki, komitə gələcəkdə də inkişaf edəcək".

 

Tədbir öz işini çıxışlarla davam etdirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR