Zığ-Suraxanı yolunun bir hissəsinin yenidən qurulması işləri yekunlaşıb

Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşdırılıb.

 

APA TV-nin xəbərinə görə, sözügedən avtomobil yolunun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

 

Bu yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

 

Köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib və yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kv. m sahə asfaltlanıb.

 

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min paqon-metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

 

Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

 

Qeyd edək ki, Zığ-Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR