Güclü külək cənub bölgəsində fəsadlara səbəb olub
Ötən gün axşam saatlarından başlayan güclü külək cənub bölgəsində bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində dağlıq Lerik və Astara rayonlarında fərdi yaşayış evlərinin dam örtüklərinə, elektrik təsərrüfatına və iaşə obyektlərinə ciddi ziyan vurub. Əsən külək nəticəsində Astara rayonunun Şiyəkəran kəndində 10-dan artıq evin dam örtüyü sıradan çıxıb, yerli uşaq bağçasının pəncərə şüşələri sınaraq yararsız vəziyyətə düşüb. Külək həmçinin kənddəki iaşə obyektinin də dam örtüyü uçuraraq onu yaşayış evinin qarşısına atıb. Kənddəki 1 saylı orta məktəbin həyətindəki hündürboylu, iri gövdəli ağaclar kökündən qoparaq yaxınlıqdakı transformatorun və elektrik xətlərinin üstünə düşməklə bütöv bir kəndin enerjisiz qalmasına səbəb olub.
Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun APA TV-nin yerli bürosuna verdiyi şifahi məlumata görə, əsən güclü külək daha çox rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub, 50-dən artıq elektrik dirəyi aşıb, xətlər qırılaraq sıradan çıxıb.
Fərdi evlərə və iaşə obyektlərinə dəyən ziyanla bağlı sakinlərdən Rayon İcra Hakimiyyətinə hələlik hər hansı məlumat daxil olmayıb.
Külək dağlıq Lerik rayonunda da ciddi fəsadlara yol açıb. Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi şifahi məlumata görə, külək burada 100-dək elektrik dirəyini aşırıb, 1000 metrlərlə elektrik xəttini qıraraq sıradan çıxarıb. Nəticədə rayonun 100 kəndi hazırda enerjisiz qalıb. Yaşayış evlərinə və iaşə obyektlərinə dəymiş ziyanla bağlı rayon fövqəladə hallar komissiyasına hələlik əhali tərəfindən məlumat daxil olmayıb.
Bu saatlarda da küləyin davam etməsi Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işini çətinləşdirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər