Prezident cəbhə xəttində yeni hərbi hissənin açılışında iştirak etdi
Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışı olub. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman şəhərciyi, müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park yaradılıb.
Prezident İlham Əliyevə xanımı Mehriban Əliyeva Tərtərdə aprel döyüşlərində ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış olublar. Dövlət başçısı və xanımı həyətləri gəzib, tikilmiş və bərpa olunmuş evlərə baxıblar.
Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Prezident və xanımına məlumat verilib ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Dövlət başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış olub, sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər