Çavuşoğlu: "Azərbaycanın FETÖ ilə mübarizəsini alqışlayırıq"

"Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdur". APA TV-nin  məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

 

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanla xarici işlər nazirləri səviyyəsində görüşə hazırdır: "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur".

 

Təmas xəttində gərginliyə toxunan xarici işlər naziri bildirib ki, əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır: "Kaspşikin ofisinin genişləndirilməsinə gəlincə, biz buna razıyıq. Ancaq əsas bu deyil. Əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır".

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ölkəsinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bildirib. Türkiyənin baş diplomatı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində rəhbər tutduğu mövqenin nazirlərin görüşündə bir daha açıqlandığını vurğulayıb: "Biz Azərbaycanın mövqeyini dəstəkləyirik. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bir daha vurğuladım. Bundan əvvəl Soçidə Sergey Lavrovla görüşümüzdə də Qarabağ məsələsini müzakirə etmişdik. Rusiyanın bu istiqamətdə səylərini dəstəkləyirik. Ancaq son vaxtlar münaqişənin həlli ilə bağlı proseslərin sürəti aşağı düşüb".

 

Mövlud Çavuşoğlu qeyd edib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri bundan sonra daha da artırmalıdır. Türkiyənin xarici işlər naziri FETÖ terror təşkilatı tərəfindən 15 iyulda ölkəsində həyata keçirilən çevriliş cəhdi zamanı qardaş ölkəyə verdiyi dəstəyə görə Azərbaycan xalqına və prezident İlham Əliyevə təşəkkür edib: "Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".

 

Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olduğunu önə çəkən Mövlud Çavuşoğlu TANAP da daxil olmaqla, qlobal və regional iqtisadi layihələr çərçivəsində əməkdaşlığın davam etdirildiyini bildirib: "Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq. TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".

 

Mətbuat konfransı jurnalistlərin sualları ilə yekunlaşıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR