Lənkəranda “Mersedes” ağaca çırpıldı, sürücü öldü

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 2-si axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Masallı rayonunun Mahmudavar kənd sakini, 45 yaşlı Güləddin Vəli oğlu Qasımov idarə etdiyi  “Mercedes” markalı minik avtomobilin idarəetməsini itirib və maşın yolun kənarındakı ağaclara çırpılıb.  Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb. Ağır bədən xəsarətləri almış sürücü hadisə yerinə toplaşan adamların köməkliyi ilə maşından çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən zəruri tibbi yardımların  göstərilməsinə baxmayaraq, Güləddin Qasımov bir müddət sonra dünyasını dəyişib.

 

Qəzadan sonra şose yolunda nəqliyyat vasitələrinin hərəkətində yarım saata qədər məhdudiyyət yaranıb.

 

İlkin versiya kimi qəzaya hərəkətdə olan “Mersedes”in qarşısına maneənin çıxmasının səbəb olduğu göstərilir. Hadisənin dəqiq səbəbləri isə yol polisi tərəfindən həyata keçirilmiş avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR