Azərbaycan prezidenti Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
APA TV-nin xəbərinə görə, qonaqları salamlayan prezident İlham Əliyev qonaqlarla əvvəlki görüşlərini xatırlayıb.
O qeyd edib ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına birlikdə olmağın vacibliyi üçün bir nümunədir.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmçinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub: "Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib".
Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirdiyini vurğulayan prezident İlham Əliyev bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətli olduğunu nəzərə çatdırıb: "Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik".
Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib: "Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağrıyırdı. Müsəlman ölkəsi olan Türkiyə ruhən bizə doğmadır. Buna görə də çox ağır idi. Sizin bu məsələdə fəaliyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Sizə “Çox sağ ol” deyirik".
Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev prezident İlham Əliyevə hədiyyə təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər